Sahibkarlar bir qədər də gözləməli olacaqlar
“Yol abadlıqdır” deyiblər. Düşmən tapdağından azad edilmiş rayonlarımızın bərpası və abadlaşdırılması baxımından atılan ilk addımlardan biri də elə məhz bura yolların çəkilməsi oldu. Bölgədə inşasına başlanılan “Zəfər Yolu” və digər mühüm əhəmiyyətli yol xətləri həddən artıq gözəl, turistik zonalardan keçir.
Belə olan halda, həmin yolların kənarları boyunca tikiləcək motel, restoran və kafelərin görkəmli olmasına ehtiyac yaranır. Nəzərə alsaq ki, yaxın gələcəkdə bu ərazilər həm yerli, həm də xarici turistlər üçün sevilən istirahət məkanına çevriləcək, o zaman məsələ bir qədər aktuallıq qazanmış olur. Bəs görəsən, bu ərazilərdə obyekt tikmək istəyən sahibkarlar kimlərə müraciət etməlidir? Onlar üçün standart olaraq hansısa tələblər qoyulurmu? İnşa ediləcək obyektlər hazırkı tikinti planına salınıbmı?
Hafta.az-ın əməkdaşı mövzu ətrafında suallarını aidiyyəti qurumlara və mütəxəssislərə ünvanladı.
Mövzuya ilk aydınlıq gətirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli oldu. Onun sözlərinə görə, agentlikdə mövzu ilə bağlı məlumat yoxdur:
“Biz yalnız yol çəkirik. Yol çəkilişi hələ təzə başlayıb və prosesdə belə obyektlərin tikintisi nəzərdə tutulmayıb”.
Daha sonra isə sorğumuzu Dövlət Turizm Agentliyinə ünvanladıq. Qurumun əməkdaşı bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə belə obyektlərin tikintisi nəzərdə tutulub. Daha ətraflı məlumat – harada hansı müəssisələrin tikiləcəyi gələcəkdə ictimaiyyətə bildiriləcək:
“Qarabağ turizm strategiyası konsepsiyası hazırlanır, bu təsdiq olunduqdan sonra tikinti və investisiya hansı formada olacaqsa, məlumat veriləcək. Hələ ki, bu barədə nəsə demək bir qədər tezdir”.
Rəsmi qurumların mövqeyini dinlədikdən sonra, işin təşkili ilə bağlı suallarımızı nəqliyyat eksperti Ərşad Hüseynova yönləndirdik. O bildirdi ki, yolkənarlarında belə obyektlər salınan zaman daha çox gələcəyin tələblərinə cavab verəcək işlər ərsəyə gətirmək lazımdır. Üstəlik, mühüm əhəmiyyəti olan belə yolların üzərində tikilən obyektlərin yol tikintisi ilə heç bir əlaqəsi yoxdur:
“Yolların mühafizə zonası və ehtiyat zolaqlar deyilən bir anlayış var. Həmin mühafizə zonası və ehtiyat zolaqlarda tikinti işləri çox məhduddur. Burada, ancaq yol infrastrukturuna qulluq edə biləcək obyektlər – yanacaqdoldurma məntəqəsi, avtotəmir yeri, xırda iaşə obyektləri tikilə bilər. Mühafizə və ehtiyat zolağından kənarda nə tikiləcəksə, o artıq tikinti-şəhərsalma işləri hesab olunur. Tikinti-şəhərsalma işlərində də sözügedən rayonun, yaxud şəhərin baş planı olmalıdır. Bütövlükdə isə artıq dünyada şəhərsalmanın müasir yanaşmaları var. Orada maksimum dərəcədə uzağı proqnozlaşdırmağa çalışırlar. Elə etmək lazımdır ki, gələcəkdə böyük xərc çəkmədən lazım olanları etmək mümkün olsun”.
İqtisadçı ekspert Fuad İbrahimov isə deyir ki, bu yolların üzərində obyekt inşa etmək istəyən sahibkarlar yerli icra orqanlarına müraciət etməlidirlər:
“Qayda-qanun belədir. Yerli icra orqanı ilə obyektin harada yerləşəcəyi müəyyən olunmalıdır. Özəl bir müəssisə olsa idi, şübhəsiz, alqı-satqı sahibkarla həyata keçiriləcəkdi. Bu gün söhbət azad olunmuş ərazilərdən gedirsə, burada işlər planauyğun olaraq görüləcək. Məsələ cənab Prezidentin birbaşa nəzarətindədir. Orada yenidənqurma işləri zamanı illərboyu hansısa digər sahələrdə buraxılan səhvlər olmayacaq. Azad edilən ərazilərdə tamam fərqli “ağıllı kənd” tipli səliqəli iş görüləcək. Bu nöqteyi-nəzərdən proses başa çatdıqdan sonra, yerli icra orqanına müraciət etməklə məsələni həll etmək mümkün olacaq”.
Ekspert hesab edir ki, sahibkarların diqqət etməli olduqları əsas məqam obyektlərin dövrün tələbinə uyğun inşa edilməsidir:
“Tikiləcək bütün obyektlər turizmin inkişafına xidmət edəcək, onun tələblərinə cavab verəcək tərzdə olmalıdır. Ərazidə təbii gözəllik var. Hər bir halda bununla bağlı müvafiq infrastruktur yaradılmalıdır”.
Mütəxəssislərin fikirlərindən belə aydın oldu ki, azad edilən ərazilərimizdə çəkilən yol xətlərinin üzərində obyekt sahibi olmaq istəyən sahibkarlar hələ bir qədər gözləməlidirlər.